Hər Şeyə Bir Az Parıltı: “Gem-Maxxing” Trendi Brendlərə Nə Deyir?
Bir gün telefon qabınız, matcha stəkanınız və ya dodaq parıldadıcınız sizə həddindən artıq sadə görünməyə başlayıbsa, bunun səbəbi TikTok və Instagram-da sürətlə yayılan yeni estetik trend ola bilər: gem-maxxing.
Rəngli daşlar, kristallar, ürəklər, ulduzlar və çiçəklər… Sosial mediada insanlar artıq yalnız aksesuarlarını deyil, gündəlik istifadə etdikləri demək olar ki, hər şeyi daşlarla bəzəyirlər. Telefon qablarından laptoplara, kosmetik məhsullardan qəhvə stəkanlarına, hətta tortlara qədər.
Trend yeni görünsə də, əslində biz onunla daha əvvəl tanış olmuşuq.
Gem-maxxing nədir?
Gem-maxxing gündəlik əşyaların rəngli süni daşlar, kristallar və yapışqan dekorlarla bəzədilməsi üzərində qurulan maksimalist estetikadır. Klassik “bedazzling” texnikasının daha spontan, daha rəngli və bir az da xaotik 2026 versiyası kimi düşünmək olar.
Burada məqsəd mükəmməl dizayn yaratmaq deyil. Müxtəlif ölçülü və rəngli daşların plansız görünən kombinasiyası elə trendin öz estetikasını yaradır.
Bu yanaşma son illərdə sosial mediada dominant olan sadə, neytral və minimalist “clean girl” estetikasının demək olar ki, tam əksidir. İndi daha çox rəng, fərdiləşdirmə və “bir az extra olmaq” ön plana çıxır.
Bəs Kylie Jenner bu işin harasındadır?
Trendin son həftələrdə kütləviləşməsində Kylie Jenner-in təsirini görməmək çətindir.
Jenner avqust ayında 29-cu doğum günündən görüntülər paylaşarkən rəngli daşlarla bəzədilmiş tortu sosial medianın diqqətini çəkdi. Ardınca daşlar telefon qabında, içki stəkanlarında və daha sonra onun kristallarla bəzədilmiş maniküründə göründü.
Çox keçmədən eyni estetika sosial media lentlərində daha tez-tez görünməyə başladı.
Amma burada vacib detal var: Kylie Jenner gem-maxxing-i yaratmadı.
Gem və rhinestone estetikası 80–90-cı illərdən gəlir, Y2K nostaljisi ilə dəfələrlə geri qayıdıb. Hətta 2026-cı ilin yazında gemstone manikürlər artıq beauty trend kimi yüksəlirdi.
Kylie-nin etdiyi isə mövcud olan mikro-trendi milyonlarla insanın radarına salmaq oldu.
Və marketinq baxımından maraqlı hissə məhz burada başlayır.

Bir trendi yaratmaq vacibdir, yoxsa onu böyütmək?
Sosial mediada trendin yaradıcısı olmaq həmişə ən böyük üstünlük deyil.
Bəzən doğru insanın doğru anda bir estetik kodu mənimsəməsi onun niş icmadan mainstream auditoriyaya keçməsi üçün kifayət edir.
Kylie Jenner kimi böyük auditoriyaya sahib şəxslər burada bir növ trend sürətləndiricisi rolunu oynayırlar. İnsan artıq mövcud olan estetikaya məşhur bir simada rast gəlir, onu yenidən görür, özü tətbiq edir və paylaşır.
Beləcə:
mikro-trend → celebrity adoption → sosial media reproduksiyası → brend reaksiyası dövrü yaranır.
Gem-maxxing də bunun aktual nümunələrindən biridir.
Brendlər niyə dərhal qoşuldu?
Çünki gem-maxxing sosial media üçün demək olar ki, ideal trenddir.
Birincisi, vizual olaraq dərhal tanınır. İstifadəçinin bir neçə saniyə ərzində kontentin hansı trendə aid olduğunu anlaması mümkündür.
İkincisi, adaptasiya etmək asandır. Brendin məhsulu dəyişməyə belə ehtiyacı yoxdur. Mövcud qablaşdırmanı daşlarla bəzəyib trendə uyğun bir vizual hazırlamaq mümkündür.
Üçüncüsü isə, UGC üçün əlverişlidir. İstifadəçi trendi evdə özü təkrarlaya və öz versiyasını paylaşa bilir.
Buna görə beauty və lifestyle brendlərinin reaksiyası gecikmədi. Rhode, Kylie Cosmetics və MAC kimi brendlər gem estetikasından sosial media vizuallarında istifadə etməyə başladılar. Digər markalar da məhsullarını daşlarla bəzəyərək trendlə əlaqəli kontent yaratdılar.
Maraqlısı budur ki, bəzən həmin daşlı məhsulu almaq belə mümkün deyil.
Çünki məqsəd yeni SKU yaratmaq deyil.
Məqsəd insanların artıq baxdığı vizual dilin içərisinə brendi yerləşdirməkdir.
Trendjacking üçün yaxşı bir nümunə
Marketinqdə buna trendjacking yanaşması ilə baxmaq olar: gündəmdə olan trendi brendin öz kommunikasiya dilinə uyğun şəkildə istifadə etmək.
Amma burada sürət qədər uyğunluq da vacibdir.
Hər trend hər brend üçün deyil.
Gem-maxxing beauty, fashion, food, accessories və lifestyle kateqoriyalarına təbii şəkildə uyğunlaşa bilər. Daha ciddi və funksional kateqoriyada fəaliyyət göstərən brend isə eyni trendi zorla tətbiq etdikdə nəticə sadəcə “biz də trenddəyik” cəhdi kimi görünə bilər.
Yaxşı trend marketinqinin qaydası əslində sadədir:
Trendi kopyalama. Brendinin onun içində necə görünəcəyini tap.
Minimalizm bitdi?
Yəqin ki, yox.
Amma gem-maxxing daha böyük bir dəyişimin kiçik siqnalı ola bilər.
Son illərin beige packaging, clean girl və “less is more” vizuallarından sonra sosial mediada daha rəngli, nostaljik və playful estetikaların yüksəlməsi görünür. Gemstone trendinin cəlbediciliyinin bir hissəsi də məhz bundadır: heç bir problemi həll etməyə çalışmır.
Laptopun üzərindəki daşlar onu daha sürətli etmir. Kristallarla bəzədilmiş qəhvə stəkanı qəhvənin dadını dəyişmir.
Sadəcə əyləncəlidir.
Və bəzən istehlakçıların bir trendə qoşulması üçün bundan daha mürəkkəb səbəbə ehtiyac yoxdur.
Gem-maxxing bizə bir şeyi yenidən xatırladır: sosial mediada brendlər üçün fürsət yalnız böyük trendlərdə deyil, böyüməyə başlayan mikro-trendləri vaxtında görə bilməkdədir.
Kylie Jenner bir neçə rəngli daşla internetə yeni bir şey öyrətmədi. Sadəcə artıq mövcud olan estetikaya kifayət qədər böyük spotlight verdi.
Marketinq komandaları üçün sual isə başqadır:
Növbəti belə trend böyüməmişdən əvvəl onu görə biləcəksinizmi?